15.03.2022
14.03.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı Azərbaycan şairi, tərcüməçisi, AYB-nin üzvü, professor Əhməd Cavadın anadan olmasının 130 illiyi münasibətilə "Azərbaycan ədəbiyyatında Əhməd Cavad yaradıcılığı" başlıqlı onlayn konfrans keçirdi. Konfransı kitabxana filialının müdiri Rahilə Qasımova açaraq Əhməd Cavadın həyatı haqqında məlumat verdi.
Tədbirdə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat institutunun aparıcı elmi işçisi, dosent Safurə Quliyeva, AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin elmi işçisi Leyla Kərimova, AYB-nin üzvü, Gəncə bölməsinin baş məsləhətçisi, şairə dramaturq Aləmzər Əlizadə çıxış etdilər. Konfransda çıxış edənlər ədəbiyyatımızda şair, müəllim, vətəndaş, ictimai-xadim, publisist, jurnalist, tərcüməçi kimi tanınan Əhməd Cavadın bir sıra əsərləri, xüsusilə də Azərbaycanın dövlət himni, "Çırpınırdın Qara dəniz", "Göy-göl" və digər şeirlərinin dillər əzbəri olduğunu söylədilər. Onu da qeyd etdilər ki "Cümhuriyyət" deyəndə ilk öncə Əhməd Cavad yada düşür. Bütün fəaliyyəti, bədii yaradıcılığı doğma xalqına əvəzsiz xidmət, vurğunluq nümunəsi olan qaynar təbli şairimizin, talesiz Əhməd Cavadın keçdiyi həyat yolu çox keşmə-keşli olub. Milli oyanış, xalq hərəkatı, türk xalqlarının birliyinə çağrış, xalqın yaddaşına qayıdış kimi duyğular Əhməd Cavad şeirlərinin ruhuna hopmuşdur. Milli tarix, fəlsəfə və mənəviyyatla bağlı elə bir motiv yox idi ki, Əhməd Cavad ona toxunmamış olsun. Bundan sonra neçə-neçə gənc nəsillər onun yaradıcılığından bəhrələnərək vətənpərvər ruhda böyüyəcəklər.
Tədbirdə Gəncə 2 sayli Uşaq Gənclər İdman şahmat məktəbinin dama üzrə məşqiçi müəllimləri, kitabxananın oxucuları və əməkdaşları iştirak etdilər.